Çox böyük və ciddi miqdarda silah, sursat və texnika Suriya müxalif qüvvələri tərəfindən qənimət kimi götürülüb. Bütün bu inkişaflar cərəyan edərkən, bu prosesin Əsəd rejiminin gələcəyinə və birbaşa Suriya prezidenti Bəşər Əsədin gələcəyinə necə təsir edəcəyi müzakirə olunmağa başladı. Əsədin taleyi bəlkə də nə Astanada, nə də Cenevrədə deyil, Suriyanın Həma şəhərində həll oluna bilər.
Suriya müxalif qüvvələri necə bu qədər sürətlə irəliləyə bildilər?
Suriya müxalif qüvvələrinin sürətli irəliləyişinin arxasında əsasən üç səbəb var. Birinci səbəb Rusiyanın Ukraynaya görə Suriyada hər kəsin gözlədiyindən çox zəifləməsidir. Eynilə, İran da İsraillə gərginlik səbəbindən Suriyada tükənmiş vəziyyətdədir. Xüsusilə İranın şiə milis şəbəkəsinin onurğa sütununu təşkil edən “Hizbullah” zəifləyib, Livana çəkildiyi bir vaxtda İraqdan gətirilən “Nuceba” milisləri bu boşluğu doldura bilmədi. Üçüncü və bəlkə də ən mühüm səbəb Əsəd rejiminin yaşadığı çöküşdür.
Əsəd rejimi müharibənin əvvəlindən insan resurslarında ciddi çətinliklər yaşadı. O, müharibə illərində ümumilikdə 27 ümumi amnistiya elan edib. Bütün bu ümumi amnistiyaların əsas məqsədi müxalif qüvvələrin sıralarına qoşulmayan və məcburi hərbi xidmətdən yayınan şəxslərin ordu sıralarına cəlb edilməsi idi. Lakin ümumi amnistiyaların verdiyi əlavə insan resursları getdikcə azaldı. Bundan əlavə, ehtiyatda olan hərbi qulluqçular 4 ay əvvəl tərxis olundular. Bu şəxslərin xidmət müddəti hər il uzadılırdı. Hətta rejimin tərəfində vuruşub qocalanlar da var idi. Lakin ordudan tərxis olunduqdan sonra elan edilən ümumi amnistiya boşalan vəzifələri doldura bilmədi. Bu zaman müxalif qüvvələr Suriyanın iqtisadi ürəyi olan Hələbi ələ keçirməklə yanaşı, ciddi qənimətlər də əldə etdilər.
“Mintel World”un araşdırmalarına görə, müxalif qüvvələr 1 ədəd 9K35 “Strela-10”, 1 ədəd 9K37M1 BUK M1, 1 ədəd “Pantsir” S-1, 3 ədəd S-125 “Pechora” buraxılış qurğusu və 12 ədəd ZSU-23-4 “Shilka” hava hücumundan müdafiə sistemi, 24 ədəd L-39 “Albatros”, 1 ədəd “Mi 8/17” və 9 ədəd “MiG-23” təyyarəsi, 2 ədəd 2B9 “Vasilek”, 16 ədəd 2S1 “Gvozdika”, 1 ədəd 2S3 “Akatsiya”, 5 ədəd “63-Model”, 20 ədəd M1954, 14 ədəd BM- 21 “Grad”, 1 ədəd BM-27 “Uragan”, 2 ədəd BM-30 “Smerch”, 4 ədəd D-20, 17 ədəd D-30 və 5 ədəd M1938 artilleriya sistemi və yaylım atəşli reaktiv sistemi, 79 ədəd BMP-1, 1 ədəd BMP-2, 1 ədəd BRDM-2, 4 ədəd BRM-1K, 1 ədəd BTR-70, 1 ədəd BTR-80, 4 ədəd MT-LB, 3 ədəd SAV 4x4 və “Tigr-M” 4x4 zirehli vasitəsi, 1 ədəd SNR-125, 1 ədəd 48Y6-K1 “Podlet” və 1 ədəd modeli naməlum radar, 64 ədəd T-55, 21 ədəd T-62, 51 ədəd T-72, 5 ədəd T-90A və 4 ədəd modeli naməlum tank ələ keçiriblər.
Suriya müxalif qüvvələrinin bu qədər böyük qənimət ələ keçirməsinin arxasında iki əsas səbəb var. Birinci səbəb Əsəd rejiminin məğlubiyyətidir. Müdafiə xətti qırıldıqdan sonra rejim sıralarında ciddi xaos yaranıb. Bu xaosda nizamlı geri çəkilmək mümkün deyildi. İkinci səbəb Əsəd rejiminin yaşadığı iqtisadi problemdən qaynaqlanır. Son zamanlar rejimin hakimiyyətində olan rayonlarda neft və qaz təchizatında ciddi problem yaranıb. Məhz buna görə də zirehli vasitələr, tanklar və bir çox digər vasitələr qaçarkən, yanacaqları bitib, yolda qalıb. Rejimin qaçdığı yollar tank sərgisinə çevrilib.
Sahədə baş verən proseslər Əsəd rejiminin taleyini müəyyən edəcək
Bu süqutdan sonra Əsəd rejiminin taleyini həll edəcək ən mühüm amil Suriyadakı proseslər olacaq. Məğlub olan Əsəd rejimi Həmanın şimal xəttində möhkəm qala bildi və müdafiə xətti qurdu. Bu müdafiə xəttinin taleyi Suriyanın və Əsəd rejiminin gələcəyini təyin etmək potensialına malikdir. Hələbdəki kimi bu müdafiə xətti çökərsə və rejim ünsürləri yeni məğlubiyyətlə üzləşərsə, Suriya müxalif qüvvələri Əsəd rejiminin əsas dayağı olan Tartus və Latakiya ilə Dəməşq arasındakı təchizat xəttini kəsəcəklər. Əsəd rejiminin Xümsdə yeni müdafiə xətti qura biləcəyini indidən söyləmək çətindir.
Ancaq Suriya müxalif qüvvələri Xümsdə yerləşərsə, Suriyanın cənubunda Əsəd rejimi ilə barışıq müqavilələri imzalayan və hələ də silahlı olan keçmiş Azad Suriya Ordusu (ASO) qüvvələri səfərbər ola bilər. Belə olan halda dünya ictimai rəyi Dəməşqlə bağlı bir çox fərqli məsələləri müzakirə etməyə başlaya bilər. Əgər Həmadakı müdafiə xətti dayanarsa və ya Əsəd rejimi Suriyada müxalifətin irəliləyişini birtəhər dayandıra bilsə, o zaman yeni formalaşmış status-kvo Suriyaya bəzi reallıqlar gətirəcək. Suriyada siyasi həll yolu tapılmadan, Suriya müxalif qüvvələrini nəzərə almadan və Suriya xalqının qanuni tələblərinə məhəl qoyulmadan Əsəd rejiminin beynəlxalq sistemdə reabilitasiyası layihəsi iflasa uğrayıb.
Bundan sonra Əsəd rejimi hərbi cəhətdən sağ qalsa belə, Suriya müharibəsində qalib gəlmək, 2011-ci ildəki daha az əhaliyə malik və daha asan idarə olunan Suriyaya qayıtmaq xəyalının real olmadığı aydın olub. Əsəd rejimi ya yeni reallığı qəbul edib, BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi kontekstində Suriyada ciddi siyasi proses aparmağa razı olacaq, ya da indiki maksimalist mövqeyində israr edəcək və Suriyanın taleyini xarici dövlətlər müəyyənləşdirəcək.
Bunda Rusiya və İranın mövqeləri ilə yanaşı, yanvarda vəzifəsinin icrasına başlayacaq ABŞ-nin seçilmiş prezidenti Donald Trampın yanaşması da böyük ölçüdə həlledici olacaq. Ancaq Əsəd rejimi nə qərar versə də, Türkiyənin hər iki prosesdə ən təsirli aktor olacağı qaçılmazdır.
Asif Cəfərov
Ordu.az